Bu təxribat Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə mane olmaq istəyi deyilmi?..
Politoloq: “Rus sülhməramlılarının ölümünü rusların təşkil etdiyi fikrini qəbul etmirəm. Bu, elə erməni terrorçularının çarəsizlikdən gedərkən ruslardan açıq çıxmaq istəyidir”.
“Bu təxribat rus-erməni qarşıdurmasını gücləndirəcək. Azərbaycanın bu işdə heç bir günahı yoxdur”.
Bu sözləri politoloq Azər Qasımov dünən Qarabağda Rusiya hərbi kontingentinə açılan atəşi Poliqon-a şərh edərkən qeyd edib.
Dünən yayılan məlumata görə Qarabağda Rusiya sülhməramlılarının maşınına açılan atəş açılıb və nəticədə Rusiya sülhməramlılaı itki verib. Rusiya və Azərbaycan tərəflərindən verilən açıqlamada bildirilir ki, insident araşdırırlr. Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq baş verən hadisədən üzgünlüyünü bildirib.
Azərbaycanın separatizmlə işi bitirməyə yaxın olarkən, separatçılar ağ bayraq qaldırarkən, bu gün Yevlax görüşünə hazırlaşarkən, dünən Rusiya hərbi kontingentinə atəş açıldı, ölənlər oldu. İkinci Qarabağ müharibəsinin son günlərində də Azərbaycanın hava sahəsində qəfil Rusiya helikopteri peyda oldu, səhvən vuruldu, işimizi bitirə bilmədik...
Bəs Rusiya yenə eyni ssenarini həyata keçirməyə çalışmırmı? Bu təxribatı planlaşdıranlar Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə mane olmaq istəyənlər ola bilərmi? Ya da Qarabağda 35 il daavam edən hökmranlıqlarını itirən ermənilər belə xain aksiyaya əl ataraq Rusiyadan intiqam almaq fikrinə düşə bilməzlərmi?
Qarabağda Rusiya sülhməramlısının öldürülməsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Erməni tərəfi bu terror aktını törətməklə bir daha Azərbaycanın haqlı mövqeyini təsdiq etmiş oldu”.
Azərbaycan ərazisində artıq ermənilərin oyununun bitdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında bildirib ki, Rus sülhməramlılarının öldürülməsi faktının təxribat olduğu açıqdır:
“Hadisələr sürətlə cərəyan edir. Düşmənlərimizin də Azərbaycanın qələbəsini sakitliklə qarşılaşacağını gözləmək sadəlövhlük olardı. Düşmən də son təxribat addımlarını atacaq və görünən odur ki, atır.
Rus sülhməramlılarının öldürülməsi faktının təxribat olduğu açıqdır. Amma bu dəfə durum fərqlidir. Bu təxribat rus-erməni qarşıdurmasını gücləndirəcək. Azərbaycanın bu işdə heç bir günahı yoxdur. Bu, ermənilərin açıq şəkildə ruslara qarşı olan nifrətinin nəticəsidir ki, buna görə də ən azı erməni terrorçuları cavab verəcək. Erməni tərəfi bu terror aktını törətməklə bir daha Azərbaycanın haqlı mövqeyini təsdiq etmiş oldu. Azərbaycanın keçirdiyi antiterror əməliyyatına haqq qazandırdı.
Qaldı ki, Rusiyanın 44 günlük müharibənin sonunda oynadığı helikopterin vurulması oyununun yeni versiyasının indi oynanılması fikrinə, əminliklə demək istəyirəm ki, bu, artıq keçərli deyil. İndiki durum üç il əvvəlki durum deyil. Nə Rusiya həmin Rusiyadır, nə də Azərbaycan həmin Azərbaycan. Ermənistan isə ondakından da zəifdir.
Azər Qasımov: “Azərbaycan “Qarabağ məsələsi” adlı problemi artıq həll etdi. Belə bir problemin artıq dillərdə adı qaldı”.
Rusiya istəsə belə, Azərbaycana qarşı təzyiq etmək gücü və imkanı yoxdur. Olsa idi, əvvəla Azərbaycanın antiterror əməliyyatına başlamasına imkan verməzdi, xüsusən də, ərazidə ordusunun olduğu bir halda. Azərbaycan “Qarabağ məsələsi” adlı problemi artıq həll etdi. Belə bir problemin artıq dillərdə adı qaldı. Özü isə tarixə qovuşdu. Rusiya da bunu qəbul etmiş kimi görünür.
Rus sülhməramlılarının ölümünü rusların təşkil etdiyi fikrini qəbul etmirəm. Bu, elə erməni terrorçularının çarəsizlikdən gedərkən ruslardan açıq çıxmaq istəyidir. Buna başqa don geyindirib, guya, rusun, erməninin oyundur demək, onlar üçün böyük jest olar. Azərbaycan ərazisində artıq oyun yoxdur. Oyun qurmaq lazım olanda Azərbaycan dövləti bunu edəcək. Hələ Zəngəzur məsələsi açıq qalır”.
Nərminə UMUDLU
Poliqon.info