General Makkarli: İsrailin İrana hücumu xəbərdarlıq siqnalı kimi nəzərdə tutulub...
ABŞ ordusunun istefada olan general-mayoru Mark Makkarli bildirib ki, İsrailin İrana hücumu, ehtimal ki, cavab tədbiri və xəbərdarlıq siqnalı kimi nəzərdə tutulub.
Poliqon xəbər verir ki, general Makkarli bu barədə CNN telekanalına bildirib.
“İsraillilər cavab verməli idilər, lakin eyni zamanda həmin cavabda belə bir mesaj var idi: Bəli, biz bunu edə bilərik. Bir daha bunu etmə. Əgər bunu bir daha etsən, cəhənnəmin qapıları açılar”, deyə Makkarli bildirib.
Amerika generalın fikrincə, İrana hücum İsrail hərbi kabineti tərəfindən diqqətlə planlaşdırılıb. Makkarli deyib ki, İsrail mühüm nüvə obyektlərinin yerləşdiyi İsfahan vilayətinə zərbə endirməklə, görünür, İranın müdafiəsini “aşmağa” ümid edib.
Qeyd edək ki, aprelin 19-u səhər saatlarında İsrailin İrandakı obyektə raket zərbəsi endirdiyi xəbəri yayılıb. İranın mərkəzindəki İsfahanda hava hücumundan müdafiə sistemlərinin uçuşa reaksiya verməsi nəticəsində üç partlayış səsi eşidilib.
Poliqon.info