Brüssel yeni sanksiya paketində Çin, BƏƏ, Türkiyə və Azərbaycanda yerləşən şirkətləri hədəfə alır...
Poliqon xəbər verir ki, Politico nəşrinin əldə etdiyi sənədlərə əsasən, Avropa İttifaqı-nun Xarici Siyasət Xidməti Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməkdə ittiham olunan dörd Çin şirkətinə qarşı sanksiyaların tətbiqini təklif edir.
Sənədlərdə qeyd olunur ki, sanksiya siyahısına daxil edilə biləcək həmin Çin şirkətləri Rusiyanın “kölgə donanması”nın fəaliyyətinə yardım göstərməkdə, Rusiya ordusu üçün kimyəvi maddələr tədarük etməkdə və Moskvanın hücum dronlarının istehsalında istifadə etdiyi komponentləri təmin etməkdə ittiham edilir. Bu addımın Brüssel və Pekin arasında onsuz da artmaqda olan gərginliyi daha da dərinləşdirəcəyi bildirilir.
Məlumatlara görə, 21 may tarixli sənəd Aİ-nin 15 iyun tarixində Lüksemburqda keçiriləcək xarici işlər nazirlərinin görüşündə təsdiqlənməsi gözlənilən “mini-sanksiya paketi”nin bir hissəsi olacaq. Bu paket fərdi sanksiyaları əhatə edəcək, paralel olaraq isə Aİ daha geniş sektorları hədəf alan 21-ci sanksiya paketi üzərində də işləyir və onun yay aylarında qəbul edilməsi planlaşdırılır.
Yeni təkliflər yalnız Çin şirkətlərini deyil, həm də Birləşmiş Ərəb Əmirliklərində yerləşən beş, Türkiyədə yerləşən üç və Azərbaycanda fəaliyyət göstərən bir şirkəti də əhatə edir. Həmin qurumların Rusiyanın dəniz daşımalarına və enerji satışlarına yardım etdiyi iddia olunur.
Bundan əlavə, sanksiya siyahısına Rusiya nəhəngi Lukoil-in törəmə şirkətləri, eləcə də Moskvanın hərbi sənayesini dəstəklədiyi iddia edilən onlarla fiziki və hüquqi şəxsin daxil edilməsi də təklif olunur.
Aİ rəsmiləri bu addımların Rusiyanın hərbi-iqtisadi imkanlarını məhdudlaşdırmağa yönəldiyini və müharibənin maliyyələşdirilməsinin qarşısını almağı hədəflədiyini bildirirlər.
Poliqon.info