Avropanın 11 ölkəsi Şengen zonasına Rusiya vətəndaşlarının giriş qaydalarının sərtləşdirilməsi üçün Brüsseldən tələb irəli sürüb...
Poliqon xəbər verir ki, bu barədə "Politico" yazır.
Məlumata görə, təşəbbüsə Baltik ölkələri, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveç, həmçinin İslandiya və Norveç daxildir. Ümumilikdə 11 ölkə Avropa İttifaqının vizə siyasətinin Rusiya vətəndaşlarına qarşı sərtləşdirilməsini istəyir.
Diplomatik mənbəyə istinadən bildirilir ki, Ukraynanı dəstəkləyən bu ölkələr Rusiyaya qarşı təzyiqi artırmaq məqsədi güdür.
Ölkələr Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və daxili işlər və miqrasiya üzrə komissar Maqnus Brunnerə məktub göndərib. Onlar Avropa Komissiyasını Rusiya vətəndaşlarına verilən vizalarla bağlı qaydaları sərtləşdirməyə çağırıblar.
Məktubda qeyd olunur ki, 2025-ci ildə Rusiya vətəndaşlarına 623 451 Şengen vizası verilib. Bu göstərici 2024-cü ildə 565 719 olub. Ən çox viza verən ölkələr Fransa, İtaliya və İspaniya kimi göstərilir.
Diplomatların sözlərinə görə, bu məsələ Aİ-nin ədliyyə və daxili işlər şurasının iclaslarında müzakirəyə çıxarılacaq və kifayət qədər dəstək olarsa, yaydan əvvəl sürətlə qərarlaşdırıla bilər.
Bununla yanaşı, bəzi Aİ ölkələri təşəbbüsə qarşı çıxır. Onların fikrincə, viza statistikasının artması yalnız bəzi ölkələrin müraciətləri daha sürətli emal etməsi ilə bağlıdır və ümumi siyasətin yumşaldılması demək deyil.
Bir diplomat isə bildirib ki, Rusiyadan gələn turistlər Avropada qalarkən müəyyən reallıqları görürlər və bu səbəbdən məsələyə ehtiyatla yanaşmaq lazımdır.
Poliqon.info