Rusiyanın raket və PUA hücumlarının intensivləşməsi Moskvanın gücünü deyil, əksinə, müharibədə artan çətinliklərini və təşəbbüsü itirdiyini göstərir...
Poliqon xəbər verir ki, ABŞ-nin nüfuzlu The New York Times nəşri Rusiyanın iyunun 2-nə keçən gecə Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumlarını təhlil edərək, Moskvanın nümayiş etdirməyə çalışdığı hərbi güc görüntüsü əslində müharibədə üzləşdiyi ciddi problemləri gizlədə bilmədiyini yazıb.
Nəşrin yazdığına görə, son aylarda Rusiya ordusunun Ukraynadakı cəbhə xəttində irəliləyişi demək olar ki, dayanıb. Döyüş meydanında nəzərəçarpacaq nəticələr əldə edə bilməyən Kreml işğal altında saxladığı Ukrayna ərazilərində məcburi səfərbərliyi gücləndirməyə məcbur qalıb. Məqalədə vurğulanır ki, Rusiyanın ölkə daxilində müqavilə əsasında hərbi xidmətə cəlb etmə kampaniyaları gözlənilən nəticəni verməyib və bu, canlı qüvvə çatışmazlığını daha da dərinləşdirib.
NYT qeyd edir ki, Rusiyada sosial və iqtisadi narazılıq da artmaqdadır. Eyni zamanda Avropa dövlətləri Ukraynaya yeni hərbi və maliyyə dəstəyi paketləri təqdim edir. Bundan başqa, ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqları faktiki olaraq dayanıb ki, bu da Moskvanın diplomatik manevr imkanlarını məhdudlaşdırır.
Nəşrin fikrincə, bu amillərin məcmusu Rusiyanın müharibədə əvvəlki dinamizmini itirdiyini göstərir. Məqalədə bildirilir ki, son həftələrdə Ukraynanın həyata keçirdiyi uğurlu əməliyyatlar, o cümlədən Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr, qüvvələr nisbətində müəyyən dəyişikliklər yaradıb.
Vyanada fəaliyyət göstərən hərbi analitik Frans-Ştefan Qadi nəşrə müsahibəsində bildirib ki, Ukraynanın hazırkı mövqeyi bir il əvvəlki vəziyyətlə müqayisədə xeyli güclənib.
“Ukraynanın mövqeyi indi bir il əvvəl olduğundan qat-qat daha təhlükəlidir”, deyə ekspert vurğulayıb.
Digər analitiklər isə hesab edirlər ki, Rusiyanın son dövrlərdə raket və pilotsuz aparat hücumlarını artırması mümkün sülh danışıqları öncəsində əlini gücləndirmək cəhdidir. Onların fikrincə, Kreml bununla həm danışıqlar masasında üstünlük qazanmağa, həm də diqqətini getdikcə daha çox İran ətrafında baş verən hadisələrə yönəldən ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqətini yenidən Ukrayna müharibəsinə çəkməyə çalışır.
Londonda yerləşən Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) baş elmi əməkdaşı Cek Uotlinq də bildirib ki, Ukraynanın son hərbi uğurları müharibənin gedişində mühüm dönüş yaradıb. Onun sözlərinə görə, Kiyev son aylarda həm müdafiə, həm də hücum imkanlarını artıraraq Rusiyanın hərbi planlarını daha mürəkkəb vəziyyətə salıb.
Nəşr belə nəticəyə gəlir ki, Rusiyanın Ukraynaya qarşı kütləvi hava hücumları ilk baxışda güc nümayişi təsiri bağışlasa da, əslində Moskvanın cəbhədə və diplomatik müstəvidə üzləşdiyi problemlərin dərinləşdiyini göstərən əlamətlərdən biri kimi qiymətləndirilə bilər.
Poliqon.info