İran tərəfi mülki obyektlərin hədəfə alınmadığını, hadisənin ABŞ hava hücumundan müdafiə sisteminin nasazlığı ilə bağlı olduğunu açıqlayıb...
Poliqon xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt hava limanına dəyən zərbənin ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sisteminin səhvi nəticəsində baş verdiyini iddia edib. Bu barədə SEPAH nümayəndəsi Hüseyn Möhəbi açıqlama verib.
O bildirib ki, İran mülki obyektləri hədəfə almayıb və hava limanında baş verən dağıntı İran raket zərbələrinin birbaşa nəticəsi deyil.
“Küveyt aeroportunun sərnişin terminalının dağıdılması ABŞ-ın Patriot sistemlərinin səhvi nəticəsində baş verib. Onlar İran raketlərini uğursuz şəkildə qarşısını almağa çalışarkən raket qalıqları terminalın üzərinə düşüb”, deyə açıqlamada qeyd olunub.
SEPAH-ın iddiasına görə, ABŞ hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirməyə çalışarkən texniki və ya operativ səhvlər buraxıb və bu da mülki infrastrukturun zədələnməsinə səbəb olub.
Qeyd edək ki, ABŞ və İran arasında bölgədə artan hərbi gərginlik fonunda tərəflər bir-birini mülki obyektlərə zərər vurmaqda günahlandırmağa davam edir.
Poliqon.info