Tehran və Vaşinqton arasında dolayı diplomatik təmasların davam etdiyi, lakin danışıqlarda irəliləyiş olmadığı bildirilib...
Poliqon xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Araqçı İranla ABŞ arasında mübadilə edilən razılaşma mətnlərinin tərəflər tərəfindən nəzərdən keçirildiyini və sənədlərin yekun formulları üzərində iş aparıldığını bildirib.
Nazir bu barədə Livanın Al Mayadeen telekanalına müsahibəsində danışıb. Araqçı qeyd edib ki, Tehran və Vaşinqton arasında diplomatik əlaqələr tam dayandırılmayıb və tərəflər sənəd üzərində texniki və hüquqi dəqiqləşdirmələr aparır.
“Biz və amerikalılar mübadilə etdiyimiz mətnləri nəzərdən keçiririk, yekun formulalar üzərində işləyirik”, deyə Araqçı bildirib.
İran xarici işlər naziri həmçinin vurğulayıb ki, tərəflər arasında əlaqələr davam etsə də, danışıqlarda real irəliləyiş əldə olunmayıb.
Məlumata görə, Tehran və Vaşinqton arasında dolayı formatda aparılan müzakirələr regionda nüvə proqramı və sanksiyaların yumşaldılması kimi məsələləri əhatə edir.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqlar son illərdə fasilələrlə davam edir və tərəflər razılaşma mətni üzərində kompromis axtarışını davam etdirir.
Poliqon.info